“Quraq dəmyə şəraitində buğdanın morfofizioloji xüsusiyyətləri və məhsuldarlığı” adlı monoqrafiya çapdan çıxıb
AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın və KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan BTS-in direktoru, biologiya elmləri doktoru, dosent Atabəy Cahangirovun müəllifi olduqları “Quraq dəmyə şəraitində buğdanın morfofizioloji xüsusiyyətləri və məhsuldarlığı” adlı monoqrafiya nəşr olunub. Kitab “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanıb.
“Savad” nəşriyyatında işıq üzü görən monoqrafiyada nəmliklə stabil təmin olunmamış dəmyə şəraitində payızlıq yumşaq buğdanın su ilə təminat şəraitindən asılı olaraq fenoloji və morfofizioloji xüsusiyyətlərinin, məhsuldarlığının, quraqlığa tolerantlığı və həssaslığının kompleks şəkildə öyrənilməsinin nəticələri verilib. Burada sünbülləmə tarixi, sünbülləmədən tam yetişməyə qədər olan müddət, bitki boyu, gövdə hissələrinin parametrləri, flaq yarpağın ölçüləri və sahəsi, nisbi su tutumu və yaşılqalma müddəti, fotosintetik qaz mübadiləsinin parametrləri, reproduktiv fazaya qədər sintez olunan assimilyatların remobilizasiyası, məhsuldarlıq və quraqlığa həssaslıq və tolerantlıq indeksi fərqli su təminatında tədqiq edilib. Kitabda morfofizioloji parametrlərin bir-biri ilə, məhsuldarlıqla və quraqlığa həssaslıq indeksi ilə əlaqələri araşdırılıb, bir sıra morfofizioloji parametrlərin payızlıq buğdanın seleksiyası işində tətbiq edilə bilməsi perspektivləri qiymətləndirilib.
Nəşrdən stres şəraitində bitkilərin fiziologiyası, payızlıq yumşaq buğdanın məhsuldarlıq istiqamətində seleksiyası sahəsində tədqiqatlar aparan mütəxəssislər faydalana bilərlər.