Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyətinin tədqiqinə dair kitab işıq üzü görüb
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Geobotanika şöbəsinin əməkdaşı, institutun elmi katibi Nigar Mürsəl qızının müəllifi olduğu “Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyəti və proqnostik qiymətləndirilməsi” adlı monoqrafiyası çapdan çıxıb. Kitab Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyətinin tədqiqinə həsr edilib.
Monoqrafiyada klassik və müasir botaniki metodların tətbiqi ilə tədqiq olunan taksonların senopopulyasiyalarının məkan, ontogenetik, demoqrafik, morfometrik, vitalitet strukturu öyrənilib. İlk dəfə olaraq bu taksonların populyasiyalarının potensial inkişafı və arealının proqnostik qiymətləndirilməsi üçün riyazi kompüter modeli yaradılıb və müvafiq proqnozlar tərtib edilib.
Kitabın elmi redaktoru, professor Səyyarə İbadullayevadır.