Şanlı Zəfərə ithaf olunan “Qarabağ florası” kitabı çapdan çıxıb
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun şanlı Zəfərə ithaf etdiyi “Qarabağ florası” kitabı işıq üzü görüb.
“Savad” nəşriyyatında işıq üzü görən kitabın müəllifi və redaktoru institutun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır.
Ümumilikdə 900 səhifədən ibarət kitaba 8 xəritə, 10 cədvəl, 300 relikt və endemik bitkilərin, o cümlədən 91 növ nadir bitkinin rəngli fotoları ilə illüstrasiyası daxil edilib. Burada Qarabağa aid 2000-dən çox ali bitki, 400-dən çox göbələk növü, mamır və şibyə növlərinin də botaniki xüsusiyyətləri və illüstrativ şəkilləri yer alıb.
Botanika İnstitutu yaranandan bəri ilk dəfə olaraq Azərbaycanda Qarabağ florası haqqında belə bir kitab nəşr etdirib.
Qeyd edək ki, Vətən müharibəsində şanlı Qələbədən sonra Botanika İnstitutunun rəhbərliyi və əməkdaşları tərəfindən Qarabağ ərazisində geniş tədqiqatlar həyata keçirilib. Qarabağ ərazisində yayılan nadir, endemik, dərman bitkiləri, mamır və yosun nümunələri tədqiq edilib, etnobotaniki tədqiqatlar aparılıb. Həmin elmi tədqiqatların nəticələri “Qarabağ florası” kitabında öz əksini tapıb.